Hər il 5 may tarixində qeyd olunan "Ümumdünya Əl Gigiyenası Günü" səhiyyə müəssisələrində və cəmiyyət arasında əl gigiyenasının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Bu günün təşəbbüskarı olan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən “Save Lives: Clean Your Hands” çağırışı insanların sağlamlığının qorunmasında sadə, lakin təsirli tədbir kimi əl gigiyenasının rolunu ön plana çıxarır.
Əllər infeksiyaların ötürülməsində ən əsas vasitələrdən biridir. Tibb işçilərinin düzgün və vaxtında əl gigiyenasına riayət etməsi:
- Xəstəxanadaxili infeksiyaların qarşısını alır
- Xəstələrin təhlükəsizliyini artırır
- Antimikrob rezistentliyin yayılmasını azaldır
- Ümumi ictimai sağlamlığa müsbət təsir göstərir
“5 may – Ümumdünya Əl Gigiyenası Günü” hər bir insan üçün vacib bir xatırlatmadır. Bu gün:
- Gündəlik həyatda əllərin düzgün və mütəmadi yuyulmasının vacibliyini önə çəkir
- Qrip, bağırsaq infeksiyaları və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında sadə gigiyenik vərdişlərin rolunu vurğulayır
- Uşaqlardan böyüklərə qədər hər kəsi şəxsi gigiyena qaydalarına daha məsuliyyətlə yanaşmağa çağırır
- Evdə, işdə və ictimai yerlərdə sağlam davranışların formalaşdırılmasına töhfə verir
Unutmayaq ki, sabun və su ilə ən azı 20 saniyə əl yumaq və ya spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək bir çox xəstəliklərin qarşısını almağa kömək edir.
Bu il təşviq olunan həştəqlərdən istifadə etməklə maarifləndirmə fəaliyyətlərinin daha geniş auditoriyaya çatdırılması məqsədəuyğundur:
#HandHygiene #ƏlGigiyenası #SaveLivesCleanYourHands #ƏlləriniTəmizSaxlaHəyatQoru
Əl gigiyenası sadə bir vərdiş olsa da, həyat qurtaran təsirə malikdir. Hər bir tibb işçisi və vətəndaş bu sahədə məsuliyyətini dərk etməli və gündəlik həyatında əl gigiyenası qaydalarına ciddi əməl etməlidir.
Unutmayaq: təmiz əllər – sağlam həyat deməkdir.