Bildiyimiz kimi, ölkəmizə 29.03.2023-cü il tarixində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “malyariyadan azad ölkə” statusu verilmişdir. Buna baxmayaraq, dünyada hələ malyariya xəstəliyinin yayıldığı ərazilər var və bu xəstəlik endemik xarakter daşıyır. Bununla əlaqədar olaraq "Malyariyadan azad ölkə" statusunun qorunması məqsədilə endemik malyariya ölkələrinə səfər edən və ya həmin ölkələrdən geri qayıdan şəxslər üçün profilaktik tədbirlərin gücləndirilməsi vacib hesab olunur.
Bu istiqamətdə aşağıdakı tövsiyələrə əməl olunması məqsədəuyğundur:
1. Səyahət öncəsi profilaktika tədbirləri
Endemik malyariya ölkələrinə səfər edən şəxslərə həkim məsləhəti əsasında antimalyariya preparatlarının profilaktik qəbulu tövsiyə edilir. Səfər öncəsi vətəndaşlara xəstəlik barədə maarifləndirici məlumatların verilməsi, yoluxma riskləri və fərdi qorunma üsulları haqqında məlumatlandırma həyata keçirilməlidir.
2. Ağcaqanadlardan qorunma tədbirləri
Səfər zamanı fərdi qoruyucu vasitələrdən – ağcaqanad əleyhinə vasitələrdən (repellentlər), uzunqol geyimlərdən, insektisidlərlə işlənmiş yataq torlarından istifadə edilməsi, xüsusilə axşam və gecə saatlarında açıq sahələrdə uzun müddət qalmaqdan çəkinmək tövsiyə olunur.
3. Səfərdən qayıtdıqdan sonra tibbi müşahidə
Endemik bölgələrdən qayıdan şəxslər 2–4 həftə müddətində sağlamlıq vəziyyətinə nəzarət etməli, hərarət, üşütmə, baş ağrısı və digər oxşar simptomlar müşahidə edildiyi halda dərhal tibb müəssisəsinə müraciət etməli və səfər tarixi barədə məlumat verməlidirlər.
4. Erkən aşkarlama və bildiriş sistemi
Tibb işçilərinin pasiyentlərin səyahət anamnezini nəzərə alması, şübhəli hallarda operativ laborator müayinələrin aparılması və təsdiqlənmiş halların müvafiq qurumlara dərhal bildirilməsi mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan tədbirlər ölkəmizdə malyariyanın yerli yayılmasının qarşısının alınması və malyariyadan azad statusunun davamlı şəkildə qorunması üçün mühüm əhəmiyyət daşıyır.